Azerbaycan Cumhuriyeti Devlet Başkanı Sayın İlham Aliyev’in mesajı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciəti

Bəşər sivilizasiyasının tarixində türk dövlətləri bütün dövrlərdə mühüm yer tutmuşlar. Tarixin müxtəlif dövrlərində qarşılaşdıqları çətinliklərə baxmayaraq, türkdilli xalqlar hər zaman öz dövlətçilik ənənələrini qoruyub saxlamışlar.

XX əsrin sonlarında dünyada baş verən geosiyasi dəyişikliklərdən sonra dünya siyasi xəritəsində yeni müstəqil türkdilli dövlətlərin yaranması qlobal siyasi arenada türk dünyasına mühüm mövqe qazandırdı. Xalqlarımızın öz müstəqilliyini əldə etməsi tariximizdə yeni səhifə açdı.

Hazırda dünyada 6 müstəqil türkdilli dövlət var. Keçən əsrin 90-cı illərindən başlayaraq bu dövlətlərin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliğ olunması baxımından mühüm rol oynayır. Bu formatda əməkdaşlıq 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilən IX Zirvə Görüşündən sonra təşkilatlanma mərhələsinə qədəm qoymuşdur. Bu tarixi zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qəbul edildi.

Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli mənəvi dəyərlər, tarixi köklər, etnik mənsubiyyət birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün çox böyük əsasdır. Türkdilli dövlətlərin əməkdaşlığının genişlənməsi istiqamətində gedən proseslərdə fəal və səmərəli iştirak Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Sevindirici haldır ki, türkdilli dövlətlərin əməkdaşlığı bütün sahələrdə getdikcə daha da genişlənir və dərinləşir. Artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Parlament Assambleyası, Türk Akademiyası fəaliyyətə başlamışdır. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY da xalqlarımızın milli-mənəvi irsinin qorunması, inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm işlər görür.

Türkdilli ölkələr dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına malikdirlər.

Dünyanın enerji xəritəsində də Türkdilli ölkələrin xüsusi çəkisi vardır. Bu ölkələr zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla bərabər, həm Qərb, həm də bütün digər istiqamətlərdə dünya bazarlarına çıxan ən əlverişli coğrafi mövqeyə malikdirlər. Beləliklə, regionun həm istehsalçı, həm də tranzit mövqeyi qlobal və regional çərçivədə onun əhəmiyyətini artırır. Artıq uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri Qərb istiqamətində başlıca enerji marşrutunu müəyyənləşdirmişdir. Bu layihələrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini (TRACECA) və tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yol xəttini də əlavə etsək regionun Şərqlə Qərbi qovuşduran mühüm strateji əhəmiyyəti üzə çıxır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli dövlətlər arasında dostluğun, həmrəyliyin və qarşılıqlı əlaqələrin möhkəmlənməsində yeni mərhələ olacaqdır. İnanıram ki, bu təşkilat dövlətlərimizin regionda sülh və sabitliyin müdafiəsinə, regional təhlükəsizliyə təhdidlərlə mübarizəyə, iqtisadi sahədə əməkdaşlığa, o cümlədən, ticarət və sərmayə qoyuluşu imkanlarının daha da gücləndirilməsinə dəyərli töhfə verəcəkdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əhatə etdiyi coğrafiyada böyük əməkdaşlıq imkanları ilə bərabər, region üçün təhlükə yaradan problemlər də mövcuddur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi bölgənin inkişafı üçün başlıca maneədir. Türkdilli ölkələr qarşılıqlı əməkdaşlığa söykənərək vahid mövqedən çıxış etməklə bütövlükdə regionda sülhə və əmin-amanlığa öz töhfələrini verə bilərlər.

Əminəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq təşkilatlar arasında layiqli yer tutacaq, türkdilli dövlətlər və xalqlar arasında dostluq və qardaşlığın möhkəmlənməsində, çoxtərəfli əlaqələrin inkişaf etməsində mühüm rol oynayacaqdır. İnanıram ki, yeni minillikdə türkdilli dövlətlər yüksək inkişafa nail olacaq, daim bir-birinə dəstək verəcək, dünyada və regionda sülh və sabitliyə xidmət edəcəklər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və onun fəaliyyətini əlaqələndirən Katibliyə uğurlar arzulayıram.